Mətbəximizin şah ləzzətləri

Azərbaycanın regionları nə qədər rəngli və fərqlidirsə, süfrə mədəniyyətimiz və ləzzətlərimiz də bir o qədər zəngin və hər kəsin damaq dadına uyğundur. Azərbaycandasınızsa, qonaqpərvərliyimiz sizi təəccübləndirəcək. Mütləq kimsə sizi evinə - süfrəsinə dəvət edəcək. Amma milli ləzzətlərimizə özünüzü qonaq etməyi də unutmayın. Yemək seçimində çətinlik çəkirsinizsə, o zaman siyahımıza nəzər salın:

Azərbaycanda aşın 200 növü var. Aş ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və yanında verilən xuruşdan ibarətdir. "Xuruş"a el arasında "aş qarası" da deyilir. Xuruş əsasən toyuq və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir.
Aş qarasına mütləq turş meyvələrdən qatılır, fisincan aş bişiriləndə isə aşın qarasına abqora, sirkə, nar ya sumax suyu tökülür. Əlavə olaraq bir çox aşların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir.
Fisincan aş demişkən, lobya-çilov aş südlü plov, kükü plov, qiymə-çığırtma aş, şah aş arasında istədiyinizi seçə və dada bilərsiniz.
Nuş olsun!

Dolma

Dolma Azərbaycanın qədim milli xörəklərindən biridir. Dolma hazırlamaq üçün müxtəlif növ üzümün (ağ şanı, qara şanı) cavan yarpaqlarından, kələmdən, bəzi regionlarda (Quba, Qusar) əncir, heyva və bəzi digər ağacların yarpaqlarından istifadə olunur. Əvvəllər dolma hazırladıqda içinə çəkilmiş ətdən və tərəvəzlərdən başqa, ağ balıq və durna balığının duzlanmış əti də doldurulurdu.
Yay mövsümündə dolma 3 tərəvəz – badımcan, pomidor və şirin bibərdən də hazırlanır. Bu cür dolmanın içərisinə çəkilmiş quzu əti, ətirli göylər və ədviyyalardan isə ona "üç bacı dolması" deyilir.
Nuş olsun!

Kabab

Qonaqlıq deyiləndə, ağıla gələn ilk yeməklər arasında kabab birinci sırada dayanır. Kabab - əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyidir. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Kabab, əsasən manqalda, kömür üzərində bişir.
Azərbaycan mətbəxində zirincli kabab, tikə kababı, lülə kabab, toyuq kababı, balıq kababı, bildirçin kababı, basdırma kababı, xan kababı və onlarla kəşf edilməyi gözləyən ləzzətlər yer alır.
Nuş olsun!

Piti – hərənin öz payı var

Özünə məxsus bişirilmə üsulu ilə seçilən bu yemək növünə dünyanın heç bir ölkəsinin mətbəxində rast gəlmək mümkün deyil. Azərbaycanlıların milli şorbası sayılan pitini xüsusi gil qablarda bişirirlər. Mümkün qədər qoyunun çox yağlı döş-maçasından, peysər, sərdəs ətindən bişirilir. Pitiyə ətlə bərabər quyruq da salınsa, daha ləzzətli olar. Piti sümüklü ətdən də hazırlanır.
Gil qablarda bişirilən piti süfrəyə elə bardaqda gətirilir. Hazırlanma qaydası kimi onun yeyilmə üsulu da qeyri-adidir. Belə ki, əvvəlcə boşqaba sumaq səpib, üzərinə bayat çörək doğranır. Gil qabdan pitinin suyu çörəyin üzərinə süzülüb yeyilir. Yeməyin ilk hissəsi bitincə, ikinci əməliyyat başlayır. Bu dəfə noxudla ət eyni boşqaba qoyulur, əzilərək yeyilir. Şəkililər pitinin yanında süfrəyə baş soğan da qoyurlar. Quyruqlu ət və noxud ağır yemək sayıldığından soğan onların mədədə həzmini asanlaşdırır.
Nuş olsun!

Dovğa

Milli mətbəximizin ən ləzzətli təamlarından biri də dovğadır. Dovğa hazırlamaq üçün qatıq su ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirilir.
Dovğanı soyuq və ya isti halda içə bilərsiniz. Bəzi regionlarımızda dovğaya kiçik ətlər də əlavə olunur. Nuş olsun!

Ləvəngi

Ləvəngi Cənub zonasına xas olan ləzzətlərdəndir. Ləvəngi sözünün mənası "içi doldurulmuş" deməkdir. Ən ləzzətli ləvəngi yalnız Xəzər dənizində tapılan kütüm balığından bişirilir.
Qoz ləpəsi, soğan, lavaşana, duz və istiot ləvənginin inqredientlərindəndir. Yeməyin hazırlanması heç də çətin deyil - əsası odur ki, təzə balıqdan hazırlansın. Ləvəngi balığın yanında süfrəyə bütün balıq yeməklərində olduğu kimi, mütləq narşərab verilir.

Nuş olsun !

Qutab

Qutab Azərbaycanın qədim yeməklərindən biridir. Nazik yuxa içərisinə zövqə görə doldurulmuş göyərti və ətin ləzzəti damağınızda qalacaq. İsti qutabın üzərinə səpilən sumax isə qutabın ləzzətinə ləzzət qatacaq. Qeyd edək ki, süfrəyə verilən zaman qutabın üstünə nar dənəsi də səpilir. Nuş olsun!