Könullülər proqramıPress-relizlərXəbərlər

Avropa Liqası ADİU-da tələbələrlə görüşdü

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə dekabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə və müəllim heyəti ilə görüş keçirib. 250-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Eyni zamanda, təşkilatçılar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Bildirilib ki, könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində tələbələr üçün təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, dekabrın 25-dək davam edəcək bu kampaniya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ADA Universiteti kimi təhsil ocaqlarını da əhatə edəcək.

Universitetlərdə keçiriləcək təqdimatlarla bağlı ətraflı məlumat www.finalbaku2019.az/volunteers saytında yerləşdiriləcək.