Finala 50 gün qalmış Bakıda futbol üzrə kiber çempionata start verilir

12.04.2019 10:57

Düz 50 gün sonra Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının həlledici oyununda 2 komanda üz-üzə gələcək. 

Final oyununa hazırlıq kampaniyası çərçivəsində 25 və 26 apreldə futbol üzrə kiber çempionat start götürəcək.

Futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçün nəzərdə tutulan futbol üzrə kiber çempionatın təşkili insanları finala qədər həyəcanda saxlayacaq və hər kəsi futbol bayramı ətrafında toplayacaq. Kiber çempionata qeydiyyat aprelin 12-dən 22-dək davam edəcək. Aprelin 24-də isə yarışın püşkatması keçiriləcək. Çempionatda yalnız 128 nəfər iştirak hüququ qazanacaq. Oyun FIFA 19 qaydaları əsasında təşkil olunacaq. Qeyd edək ki, çempionat Azərbaycan Kiber İdman Federasiyası dəstəyi ilə keçirilir.

İştirakçıların seçimi olimpiya sistemi əsasında aparılacaq. Yarışın qaydaları ilə tanış olmaq üçün https://finalbaku2019.az/az/cybercup/ səhifəsində qaydalar düyməsinə klikləməklə, məlumat əldə edə bilərsiniz.

Kiber çempionatda birinci yeri tutan iştirakçıya 1000 AZN pul mükafatı təqdim olunacaq, eləcə də oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanacaq. İkinci yerin sahibinə 500 AZN pul mükafatı veriləcək. Çempionatda adını oyunu ilə üçüncü yerə yazdıran iştirakçıya isə təşkilatçılar tərəfindən UEFA Avropa Liqası 2019-un rəsmi “Molten” topu, həmçinin imzalı forma hədiyyə ediləcək.

Ağıldan iti, əldən cəld, vaxtında qərar verə bilən oyunçusunuzsa, o zaman sizin  üçündür. Öz qaydalarınızla oynayıb, öz oyununuzu göstərmək və kiber oyunçular arasında çempionluğunuzu elan etmək istəyirsinizsə, https://forms.gle/6t4p9rLhFzUo8dUu6 linkinə daxil olun və qeydiyyatdan keçin.

Kiber çempionat haqqında ətraflı məlumatı https://finalbaku2019.az/az/cybercup/ saytından əldə edə bilərsiniz.