Azərbaycan klubları UEFA Avropa Liqasında

"Neftçi" PFK

Azərbaycanın UEFA Avropa Liqasına vəsiqə qazanan ilk klubu “Neftçi” PFK-dır. Futbolumuzun flaqmanı 2011-2012-ci illər mövsümündə Cənubi Kipr APOEL-ni pley-off mərhələsində mübarizədən kənarlaşdıraraq tarix yazdı. Təmsilçimiz qrup mərhələsində “Partizan” (Belqrad, Serbiya), “İnter” (Milan, İtaliya) və “Rubin”ə (Kazan, Rusiya) rəqib oldu. Qrupda keçirdiyi ilk oyunda səfərdə “Partizan” ilə qolsuz heç-heçə edən “Neftçi” UEFA Avropa Liqasının qrup mərhələsində xal qazanan ilk Azərbaycan klubu oldu.

“Qarabağ” FK

“Qarabağ” FK Azərbaycanın UEFA Avropa Liqasındakı ən uğurlu təmsilçisi hesab olunur. UEFA Avropa Liqasısının sələfi olan UEFA Kubokunda 1997-1998-ci illər mövsümündə debüt edən “köhlən atlar” 2004-2005, 2006-2007-ci illər mövsümlərində də adıçəkilən turnirdə çıxış etməyi bacarıb. Turnirin UEFA Avropa Liqası adlandırılmağa başlandığı 2009-2010-cu illər mövsümündə pley-off mərhələsinə kimi irəliləyən “Qarabağ”, 2010-2011-ci illər mövsümündə də eyni nəticəyə imza atdı. 2011-2012-ci illər mövsümündə isə komanda mübarizəni III təsnifat mərhələsində dayandırmalı oldu.

“Qəbələ” FK

“Qəbələ” FK 2014-cü ilin yayında UEFA Avropa Liqasında debüt edib. Təmsilçimiz bu turnirdə iştirak etdiyi ikinci mövsümdə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı bacarıb. Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk klub kimi düşən “Qəbələ” “Dinamo” (Tbilisi, Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr), “Panatinaikos” (Yunanıstan) kimi klubları mübarizədən kənarlaşdırıb. Bu tarixi uğur “Qəbələ”ni qrup mərhələsində “Borussiya” (Dormund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar”a (Rusiya) rəqib edib. “Qəbələ” turnirdə ilk xalını Bakıda baş tutan Yunanıstan PAOK-u ilə oyunda qolsuz heç-heçə edərək qazanıb.