Bakını bizimlə kəşf edin

Bakı Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir. “Küləklər şəhəri” kimi tanınan Bakı qədimliyinə, əhalisinin və ərazinin böyüklüyünə görə Şərqin incilərindən sayılır.

Ölkənin ən böyük mədəniyyət mərkəzi olan Bakı müsəlman Şərqində ilk teatr tamaşasının oynanıldığı, ilk operanın ifa olunduğu, ilk Azərbaycan qəzetinin nəşr edildiyi və ilk Azərbaycan kitabxanasının açıldığı şəhərdir.

Tarixi-memarlıq abidələri, ecazkar arxitekturası ilə hər kəsi özünə valeh edən Bakını bir də bizimlə kəşf edin.

Qız qalası

Qız qalası əsrlər boyu Bakının ən görkəmli tikililərdən biri olub. Qız qalası İçərişəhərin cənub-qərb hissəsində yerləşir. Silindrik formalı bu abidənin hündürlüyü 28 metrdir.  Mütəxəssislərin fikrincə, Qız qalası eramızdan əvvəl VIII-VII əsrlərdə inşa edilib.

Qız qalası bu gün öz texniki təchizatına görə ən müasir muzey kompleksinə çevrilib. Kompleksin 8 mərtəbəsində ümumilikdə 34 nümayiş paneli və monitoru quraşdırılıb, onlardan 22-si interaktivdir. Hətta burada unikal heliodispley var. Bu displeydə təsvir çox nazik su tozundan ibarət bulud üzərinə köçür və qeyri-adi holoqram effekti formalaşdırır.

Qala təkcə tarixi ilə deyil, Xəzərə və Bakıya açılan möhtəşəm görüntüsü ilə də hər kəsi heyran edir.

Şirvanşahlar sarayı

Ortа əsr mеmаrlığının şаh əsərlərindən оlаn Şirvаn hаkimlərinin iqаmətgаhı- “Şirvаnşаhlаr Sаrаy Ansаmblı” Bakının əsas tarixi memarlıq abidəsidir.

XII əsrdə Şamaxıda baş verən zəlzələdən sonra pаytахtın Bаkıyа köçürülməsi nəticəsində şəhərin ən yüksək nöqtəsində Şirvаnşаhlаr Sаrаyı ucаldılıb.  Sаrаy kompleksi hər biri öz memarlıq strukturu və xidmət funksiyasına görə seçilən 9 tikilidən: Sаrаy binаsı, Divаnхаnа, Dərviş türbəsi, Şərq dаrvаzаsı, sаrаy məscidi, Kеy-Qubаd məscidi, sаrаy türbəsi, hаmаm və оvdаndаn ibаrətdir.

Saray kompleksində Divаnхаnа ilə Şirvаnşаhlаr türbəsinin pоrtаlı xüsusi yer tutur. Divаnхаnа gözəlliyinə və incəliyinə görə nəinki Аzərbаycаnın, həm də Yахın Şərqin uyğun mеmаrlıq аbidələrinin şаh əsəri sаyılır.

Atəşgah məbədi

Bakının “Od məbədi” adlandırılan Bakı Atəşgahı Azərbaycanda, Bakı ətrafı Suraxanı qəsəbəsində qalaya bənzər dini məbəddir. Fars və hind kitabələrinə əsasən məbəd hindli və zərdüştilər tərəfindən səcdədah kimi istifadə edilmişdir.

XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi alovların yerində inşa edilib. Odlar Yurdunun heç vaxt sönməyən bu əbədi məşəlində küləklə odun ecazkar rəqsinə tamaşa etməkdən zövq alacaqsınız.

Məbəd Suraxanıda neft zavodlarının (sənaye) inşası ilə 1883-cü ildən sonra ibadət yeri olaraq funksiyasını dayandırıb. Unikallığına görə dünyanın möcüzəvi tarixi məkanlarından biri hesab edilən Atəşgah məbədi 2007-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan olunub.

Yanar dağ

“Yanar dağ” Abşeron yarımadasının Məhəmmədi kəndində yerləşir. “Yanar dağ” “Pilpilə”, “Bozdağ”, “Qaynarca” və digər adlarla da tanınır.  Bura 2007-ci ildən Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna çevrilib.

Dağda alovu yaradan maddə metan qazı ilə kükürdün qarışığıdır. Sözügedən maddə istifadə üçün yararsızdır və onu yandırmaq qeyri-mümkündür. Belə qazın yanması yalnız açıq havada baş verir. Bağlı məkanda isə partlayış yaradır.

Yanar dağ”a yaxın olan ərazidə zəif vulkan püskürür. Həmin vulkan yerin altından palçıqla bərabər kükürdlü su da ətrafa səpələyir. Bu bulaq Qotur su bulağı adlanır. Hazırda “Yanar dağ”ın ərazisində 3 ədəd yanıb sönmüş təpə var ki, bu da yanma nöqtələrinin müxtəlif yerlərdə olduğunu göstərir.

Qobustan

Ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu mütləq Qobustandan salın. Bakıdan 64 km məsafədə, cənub-qərb hissədə yerləşən abidə tariximizin daş yaddaşıdır.

Tarixi 40000 il əvvələ gedib çıxan Qobustan qayaüstü rəsmləri ilə məşhurdur. Bu qayalarda qədim insanların ov və rəqs səhnələri, dülgərlik kimi fəaliyyətləri və qayalar üzərində heyvan rəsmləri əks olunub.

Qobustan Azərbaycan rəsm mədəniyyətinin ilk ocaqlarından biri olduğu kimi, həm də qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilərdəndir.

4000 hektardan artıq ərazidə yerləşən Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib.

Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu

Abşeron yarımadasının Qala kəndində unikal muzey kompleksi — açıq səma altında arxeoloji-etnoqrafik muzey kompleksi yerləşir.  1988-ci ildə “Qala” qoruğu yaradılıb, 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada müəyyən işlər həyata keçirilib və qoruq arxeoloji-etnoqrafik kompleksə çevrilib.

Burada 15-ci əsrdə tikilmiş qala mövcuddur. Sovet dövründə qalanın bir hissəsi dağıdılıb, 2010-cu ildəki bərpa işlərindən sonra dağıntı aradan qaldırılıb. Qalanın altında yeraltı yollar və otaqlar mövcuddur. Bu yollar Abşeron yarımadasındakı digər qalalara aparır.

Qeyd edək ki, Qala kəndi qədim sənətkarlıq və ticarət mərkəzlərindən olub. Burada çoxlu sayda müxtəlif dövlətlərə aid sikkələr tapılıb.

Palçıq vulkanı

Palçıq vulkanlarından başqa onların «pilpilə», «yanardağ», «bozdağ», «axtarma», «qaynaca», və s. yerli adları da var. Azərbaycanda 220-dən çox palçıq vulkanlar var.

Palçıq vulkanları Abşeron vilayətinin qərb və mərkəz hissəsində daha geniş yayılıb. Vilayətin qərbində və mərkəzində Hökməli, Binəqədi, Saray, Novxanı, Zigilpiri, Keyrəki, Abix, Boğ – boğa, Böyükdaş, Otman -Bozdağı, Lökbatan, Şonqar, Quşxana və başqa çox iri vulkanlar yerləşib.  Vilayət hüdudlarında Zığ və Bibiheybət ərazilərində gömülmüş palçıq vulkanları mövcuddur. Abşeron arxipelaqı hüdudlarında Buzovna sopkası, Palçıq sopkası, Neft daşları və başqa iri palçıq vulkanları vardır.

Bakı Bulvarı

Dənizkənarı Milli Park yerli sakinlərin və paytaxt qonaqlarının ən sevimli istirahət məkanlarından biridir. 1998-ci ildən Milli Park statusu verilən bulvar son 1 ildə dünyanın ən müasir dənizkənarı parkına çevrilib.

Dənizkənarı bulvar gözəlliyi və işıqlandırma sistemi, gözəl landşaft dizaynı, kafeləri, əyləncəsi ilə hər kəsi özünə heyran qoyur. Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Xalça Muzeyi bulvar boyunca yerləşir.

Paytaxta gələn qonaqlar Bakı Ağ şəhər Bulvarındakı “Bulvar Hotel”dən başlayıb Bakı Kristal Zalı və onun ətrafı da daxil olmaqla, Bayıl bulvarının sonunadək olan ərazidə istirahət edə bilərlər.

İçərişəhər

İçərişəhərə şəhər içində şəhər də deyilir. Qədim şəhərə Qoşa Qala Qapısı kimi tanınan Şamaxı darvazasından daxil olmaq məsləhətdir. Burada ilk addımlardan insan sanki sehrli bir aləmə düşür. Ərazini əhatə edən hündürlüyü 10 m, eni isə 3,5 m çatan, müxtəlif əsrlərin daşlarından ibarət Qala divarından kim təəccüblənməz ki ?!

Qoşa Qala qapısından düz dənizə tərəf getdikdə Siz İçərişəhərin incisi, Bakının simvolu Qız Qalasını görəcəksiniz. Qalanın tarixi əfsanələrlə zəngindir. Bu günədək onun nə vaxt və hansı məqsədlə inşa edildiyi dəqiq bilinmir. Bizim gözlə gördüyümüz XII əsrə aid müdafiə istehkamıdır.

Dağüstü park

Bakının düz mərkəzində yerləşən, yerli sakinlərin sevimli istirahət yeri olan Dağüstü park uzun illərdir paytaxtın ən gözəl parklarından biri sayılır. Parkın xalq arasında geniş yayılan daha biri adı – Baxış meydançasıdır.

ağüstü parkı unikal edən cəhət budur ki, onun ərazisindən şəhərə, Bakı buxtasına, buxta boyunca uzanan Dənizkənarı Milli Parka gözəl panoram açılır. Bu da parkın nə üçün Dağüstü adlandırılmasını izah edir. Hələ XX əsrin 30-cu illərində, Bakının baş planı hazırlanarkən məhz həmin fakt əsas götürülüb və nəzərdə tutulub ki, bu yerlərdə yaradılan Dağüstü park paytaxtın ümumi arxitektura kompozisiyasında mühüm rol oynayacaq.

Dağüstü parkda Azərbaycan İstiqlal Muzeyi və 1990-cı il Qara Yanvar qurbanlarının və Qarabağ müharibəsində həlak olanların uyuduğu Şəhidlər xiyabanı yerləşir.