Finalın ünvanı - Bakı Olimpiya Stadionu

Bakı Olimpiya Stadionunun (BOS) əsas məqsədi yaşından, peşəsindən və maraq dairəsindən asılı olmayaraq hər kəsin sevimli məkanı olacaq kompleks yaratmaqdır. Stadionun tutumu 68700 nəfər təşkil edir.
Müasir görünüşlü stadion onu seyr edənlərə sanki burada idmandan daha artığın tapa biləcəklərin nümayiş etdirir.
Bakı Olimpiya Stadionundakı turlar Sizə Avropanın ən böyük idman arenalarından birini ziyarət etmək, ilk baxışda və oyunlar zamanı görə bilmədiklərinizdən zövq almaq imkanı yaradır. Qeyd edək ki, turlar stadionun ən maraqlı hissələrində gerçəkləşdirilir.
Stadion Bakı şəhəri ərazisində, Böyükşor Gölünün yanında salınmışdır və 6 mart 2015-ci ildə istifadəyə verilib. Bakı Olimpiya Stadionu StadiumDB tərəfindən yeni tikilmiş stadionlar arasında dünyanın 7-ci ən yaxşı stadionu adını qazanıb.
BOS 2015-ci ildə baş tutan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilib və eyni tədbirin açılış və bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi edib. Əlavə olaraq, yaxın gələcəkdə stadionda UEFA-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsi keçiriləcək.
Hazırda BOS 2019-cu ildə keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasına hazırlaşır. AFFA-nın təşkilatçılığı ilə keçirilən FİFA U-17 Qadınlararası Dünya çempionatı-2012, Futzal üzrə “Dördlər finalı-2014”, UEFA U-17 Avropa Çempionatı-2016 zamanı görülən işlər həm FİFA, həm də UEFA tərəfindən yüksək qiymətləndirilib. Ötən il qitə birinciliyinin açılış oyununda isə U-17 Avropa çempionatları tarixinin yeni rekordu qeydə alınıb. Bakı Olimpiya Stadionunda keçirilmiş oyunu 33 min azarkeş izləyib. Bu da ölkəmizdə kifayət qədər azarkeş bazasının mövcudluğunu, futbola marağın böyük olduğunu göstərir. Qeyd edək ki, Stadion daxilində və xaricində çoxavtomobillik dayanacaq sahəsi, gəzinti və yüksək infrastrukturla təchiz edilmişdir.

Tutum

68700

Bakı Olimpiya Stadionu Qafqazda ən böyük stadiondur

7

Dünyada yeddinci ən yaxşı stadion hesab olunur